XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > CERT.GOV.AZ tərəfindən yeni xidmət istifadəyə verilmişdir

15 Mart 2019

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “KİBERTƏHLÜKƏSİZLİK HƏFTƏSİ” çərçivəsində “blacklist.gov.az” informasiya resursunun təqdimatını həyata keçirmişdir.
İstifadəyə verilmiş yeni “Qara siyahı” xidmətinin məqsədi tərkibində zərərli məzmun daşıyıcısı olan internet informasiya resursları barədə internet istifadəçilərini məlumatlandırmaqdır. İstifadəçilər xidmətdən yararlanaraq daxil olduqları internet informasiya resursunun siyahıda olub-olmamasını asanlıqla yoxlaya bilir, istifadəçiyə tərkibində aşkarlanmış zərərli məzmun daşıyıcısının skrinşot görüntüsü, zərərli məzmunun növü və aşkarlanma tarixi barədə məlumatlar əldə etmək imkanı verilir. "Qara siyahı" xidmətində zərərli məzmunlar iki qrup üzrə - ümumi zərərli məzmunlu internet informasiya resursları və Azərbaycanlı internet istifadəçilərini hədəfə almış internet informasiya resurslarının siyahısı üzrə bölgülənmişdir.

İKT mütəxəssisləri üçün saytda müxtəlif sistemlər və şəbəkə qurğuları üçün “İxrac” funksiyası da vardır ki, mütəxəssislər həmin funkisiya vasitəsilə qara siyahıda olan saytların avtomatik bloklanmasını öz sistem və qurğularında avtomatik olaraq həyata keçirə biləcəklər.

Yaxın gələcəkdə “blacklist.gov.az” saytına proqram tərtibatçıları üçün xidmət də istifadəyə veriləcəkdir ki, tərtibatçılar həmin xidmətdən yararlanaraq qara siyahıda olan saytların siyahısını tərtib etdikləri tətbiq və proqram təminatlarına API (Application Programming Interface) vasitəsilə inteqrasiya edə biləcəklər. Habelə, müxtəlif brauzer proqramları üçün də əlavə genişlənmə (Browser Extension) istifadəyə veriləcəkdir ki, həmin genişlənmə qara siyahıda olan saytların brauzerlərdə avtomatik bloklanmasını yerinə yetirəcəkdir.


Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi vətəndaşları da zərərverici məzmunlu internet informasiya resursları ilə mübarizəyə dəstək olmağa çağırır. Belə ki, vətəndaşlar aşkar etdikləri şübhəli məzmunlu internet informasiya resursları barədə Mərkəzə məlumat verməklə digər istifadəçiləri də zərərverici məzmunların yarada biləcəyi təhlükələrdən qorunmasında yaxından iştirak edə bilər, habelə, xidmətin inkişafına dəstək ola bilərlər.