Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin idarə heyətinin üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT komandalarının birliyi olan OIC-CERT təşkilatı kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə "OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024"-ü təqdim edir.
Məlumat üçün bildirmək istəyirik ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsinin əsas juri heyətində olduğu bu layihədə ötən il seçimləri üzrə 12 layihə arasında ölkəmizdən Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi “Əmək və Məşğulluq“ altsistemi - ƏMAS layihəsi qəbul olunaraq juri heyətinə səsverməyə təqdim olunmuşdur.
"OIC-CERT Mükafatı" dünyanın hər yerindən, ölkə və ya regionundan asılı olmayaraq, rəqəmsal aləmi təşviq etməklə cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verən bütün innovativ kibertəhlükəsizlik layihələrini tanıyır. Əlavə məlumatı https://www.oic-cert.org/en/awards.html ünvanında tapa bilərsiniz.
Mükafat bir və ya bir neçə əsas sahəni əhatə edən seçilmiş layihə(lər) üçündür, lakin bunlarla da məhdudlaşmır:
a. İnsanlar (bacarıqların artırılması, məlumatlılıq, tədris və öyrənmə),
b. Proses (siyasət, idarəetmə, normalar və təşəbbüskarlıq) və/və ya
c. Texnologiya (sistemlər, həllər və innovasiyalar)
Yuxarıda qeyd olunanlara əsasən, Mükafat Komitəsi "OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı"na müraciət üçün çağırış edir. Müraciətlər dövləti, özəl sektoru, beynəlxalq və regional təsisatları, vətəndaş cəmiyyətləri və akademiyaları təmsil edən qurumlar üçün açıqdır. Bu təşəbbüs cəmiyyətin rifahına töhfə verən innovativ kibertəhlükəsizlik layihələrinin işlənib hazırlanması və həyata keçirilməsində ideyaları və uğur hekayələrini bölüşmək üçün dünyanın hər yerindən müraciətlərin təşviq edilməsi üçün hazırlanmışdır.
Qalib namizəd 1000$ məbləğində pul mükafatı alacaq. Bütün namizədlərdən https://www.oic-cert.org/en/globalaward/form ünvanına keçid edib iştirak formasını yükləyərək doldurmaq və daha sonra secretariat@oic-cert.org elektron poçtuna göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix 18 avqust 2024-cü ildir.
© 2011-2024 Bütün Hüquqlar Qorunur