Axtarış...

Özbəkistanda növbəti “Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” tədbiri keçirilmişdir

Özbəkistanda növbəti “Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” tədbiri keçirilmişdir

Cari ilin 9 - 10 oktyabr tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı ilə Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya (CSS-2024) tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədr müavini Rauf Cabarov və baş katibi Fidan Əhmədova iştirak etmişlər.

Ardıcıl olaraq ikinci ildir təşkil olunan tədbir kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək texnologiyaları nümayiş etdirməyi, sahə üzrə müzakirələr aparmağı, şəbəkələşmə və əməkdaşlığı təşviq etməyi hədəfləmişdir.

Tədbirin əsas hissəsini əhatə edən konfransın mövzusunu “Rəqəmsal Mərkəzi Avrasiya üçün Kibermüdafiə” təşkil etmişdir. Sözügedən konfransda region ölkələrinin kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən aidiyyəti qurumlarının və şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin və mütəxəssislərinin çıxışları dinlənilmiş, eləcə də müxtəlif yerli və xarici şirkətlərin innovativ həll və texnologiyalarının təqdimatı keçirilmişdir.

Tədbirin rəsmi tərəfdaşı olan XRİTDX-nin nümayəndəsi Murad Balayev “Qlobal kibertəhlükəsizlik təhdidləri mənzərəsi: trendlər, proqnozlar və beynəlxalq əməkdaşlığın əhəmiyyəti” mövzusuna həsr olunmuş ilk plenar sessiyada OIC-CERT təşkilatının direktorlar şurasının üzvü kimi təşkilatın rəsmi təmsilcisi qismində çıxış etmişdir. Növbəti sessiyada isə təmsil etdiyi xidmətin və onun nəzdində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) fəaliyyəti və təcrübələri haqqında məlumat vermişdir.

İki gün davam edən beynəlxalq tədbir çərçivəsində robotexnika, əşyaların interneti (IoT), “Blue Team” və “Red Team” istiqamətlərində çoxsaylı yerli komandalar arasında kibertəhlükəsizlik sahəsində yarışlar da həyata keçirilmişdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur