2025-ci il 23 aprel tarixində Bakı Konqres Mərkəzində “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025” keçirilmişdir. Forum gənclər arasında kibertəhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və milli təhlükəsizlik ekosistemində insan faktorunun rolunun artırılması məqsədilə təşkil olunmuşdur.
Tədbirin əsas tərəfdaşlarından biri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) olmuşdur.
Forumun açılış mərasimində XRİTDX-nin Baş İdarə rəisi Azər Əhədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qadir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov iştirak etmişlər.
“Süni İntellekt və İnsan Faktoru: Kibertəhlükəsizlikdə Yeni Dəyişikliklər və Qarşılaşdığımız Risklər” mövzusunda keçirilən panel müzakirəsində XRİTDX-nin bölmə rəisi Murad Balayev çıxış edərək süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sistemlərinə təsiri, insan faktorunun əhəmiyyəti və yaranan yeni risklər barədə fikirlərini bölüşmüşdür.
“Kibertəhlükəsizlik: Proqramlaşdırma və Məlumatların Qorunmasında Yeni Yanaşmalar” mövzusuna həsr olunmuş digər paneldə isə XRİTDX-nin idarə rəisi Nadir Novruzov iştirak etmişdir. Onun təqdimatında proqram təminatının təhlükəsizliyinə dair müasir metodlar, məlumatların mühafizəsində tətbiq edilən yeniliklər və qabaqcıl texnologiyalar ətrafında müzakirələr aparılmışdır.
Forum “Demo sistemlər üzərində zəifliklərin aşkar edilməsi və müdafiə üsulları”na dair praktiki simulyasiya ilə yekunlaşmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu kimi təşəbbüslərdə fəal iştirak etməklə, kiberməkanın təhlükəsizliyinə dair ictimai şüurun artırılması, gənclərlə bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində mühüm rol oynamaqda davam edir.
© 2011-2025 Bütün Hüquqlar Qorunur