Axtarış...

CERT.GOV.AZ Malware Report proqramı hazırlayır.

 

 CERT.GOV.AZ internet istifadəçiləri üçün “Malware Report” proqramı hazırlayır. Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi internet istifadəçiləri üçün antivirus proqramı bənzərində yeni bir sistem istifadəyə vermək niyyətindədir. İstifadəçilər “Malware Report” proqram təminatını kompüterlərində quraşdıraraq təhlükəli və ya şübhəli bildikləri faylları bu proqram təminatı vasitəsiylə KİMM-ə göndərəcək. KİMM Malware Lab isə öz növbəsində göndərilən faylları laboratoriya şəraitində analiz edərək fayl haqqında rəyini istifadəçilərə göndərəcək.

Proqram təminatının digər üstünlüyü cert.gov.az saytında yayımlanan boşluqlar, xəbərdarlıqlar haqqında proqram təminatının xüsusi bölməsində istifadəçilərin məlumatlandırılması olacaq.

Proqram təminatının əsas məqsədi istifadəçilərin şübhəli bildikləri faylların analizi ilə Azərbaycana yönələn məqsədli və ya məqsədsiz yoluxmaların trendini, malware hədəflərini, o cümlədən malware qoşulmalarını və root istifadəçiləri müəyyən edərək onlara qarşı qoruyucu və qabaqlayıcı tədbirlər görmək və mümkün təhlükələr barədə istifadəçiləri məlumatlandırmaq olacaq.

KİMM “Malware Report” proqramının istifadəyə verilməsi layihənin digər bir hissəsi olan “Sandbox” istifadəsinin genişləndirilməsi və hazırda ilkin mərhələdə fəaliyyət göstərən “Honeypot” layihəsinin çeşidləndirilməsinə də təkan verəcəkdir.

CERT.GOV.AZ bu proqramın yalnız dövlət qurumları üçün deyil, bütün yerli internet istifadəçiləri üçün açıq ola biləcəyini bildirir. Proqram təminatının gələcəkdə antivirus kimi fəaliyyət göstərməsinin proqramın gələcək versiyalarında nəzərdə tutulması da istisna deyil.

© 2011-2024 Bütün Hüquqlar Qorunur