Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) təşkilatçılığı ilə 3 noyabr 2025-ci il tarixində OIC-CERT təşkilatının üzv ölkələri üçün “Kiberdiplomatiya” mövzusunda beynəlxalq vebinar keçirilmişdir.
Təlimin məqsədi beynəlxalq kiberməkanda diplomatik münasibətlərin, etimad mühitinin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə dair bilik və təcrübə mübadiləsini təşviq etməkdən ibarət olmuşdur.
Görüşü giriş sözü ilə açan nümayəndələrimiz vebinar iştirakçılarını salamlayaraq Azərbaycanda Kiberdiplomatiya istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən Kiberdiplomatiya üzrə Tvininq Mərkəzinin yaradılması və məqsədləri barədə məlumat vermişlər. Bildirilib ki, bu təşəbbüs ölkəmizin beynəlxalq kibertəhlükəsizlik mühitində fəal mövqeyinin və diplomatik əlaqələrin inkişafına verdiyi töhfənin göstəricisidir.
Təlimçi qismində ICI Buxarest – Milli İnformatika üzrə Tədqiqat və İnkişaf İnstitutunun elmi tədqiqatçısı Dr. Alexandru Georgescu çıxış edərək kiberdiplomatiyanın beynəlxalq idarəetmə sistemlərində, milli təhlükəsizlik və xarici siyasət strategiyalarında artan əhəmiyyətindən bəhs etmişdir. O, dövlətlər arasında kiberməkanda etimadın formalaşdırılması, normativ çərçivələrin yaradılması və kritik infrastrukturun qorunması məsələlərinin bu istiqamətdə prioritet olduğunu vurğulamışdır.
Vebinar çərçivəsində bir sıra iştirakçılar aktiv şəkildə iştirak edərək təlimçiyə suallar ünvanlamış və kiberdiplomatiyanın dövlətlərarası əməkdaşlıq baxımından rolu, kollektiv müdafiə mexanizmlərinin qurulması, kritik infrastrukturun qorunması, informasiya təhlükəsizliyi siyasətlərinin beynəlxalq səviyyədə uzlaşdırılması kimi mövzular ətrafında birgə müzakirələr aparmışlar.
Azərbaycanın OIC-CERT çərçivəsində bu sahəyə xüsusi diqqət yetirməsi ölkəmizin beynəlxalq kibertəhlükəsizlik gündəliyində aktiv rol oynadığını və tərəfdaş ölkələrlə strateji bilik mübadiləsinə önəm verdiyini göstərir. Tədbirin sonunda iştirakçılar bu cür təşəbbüslərin üzv ölkələr arasında kiberdiplomatiya və kiberdayanıqlılıq sahəsində birgə layihələrin formalaşmasına töhfə verəcəyini vurğulamışlar.
© 2011-2025 Bütün Hüquqlar Qorunur