Axtarış...

XRİTDX-da Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə XRİTDX tərəfindən baş idarə rəisinin müavini Tural Məmmədov və Xidmətin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) rəhbəri Murad Balayev, JPCERT/CC tərəfindən isə Mərkəzin Koordinasiya bölməsinin rəhbəri Dr. Koichiro Komiyama və həmin bölmənin əməkdaşı Shihono Yonezawa iştirak etmişlər.

Görüş zamanı hər iki ölkənin aparıcı CERT qurumlarının fəaliyyəti barədə təqdimatlarla çıxışlar olunmuş, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar və tətbiq olunan yanaşmalar müzakirə edilmişdir. Tərəflər milli səviyyədə insidentlərin idarə olunması mexanizmləri, erkən xəbərdarlıq sistemləri, kritik informasiya infrastrukturunun mühafizəsi istiqamətində görülən işlər və əməliyyat təcrübələri barədə məlumat mübadiləsi aparmışlar.

Müzakirələr çərçivəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin (SOC) fəaliyyəti, kibertəhlükəsizlik insidentlərinin araşdırılması və rəqəmsal forensika proseslərinin təşkili, müasir hücum vektorlarının aşkarlanması üsulları və texniki analiz yanaşmaları barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, süni intellekt əsaslı həllərin tətbiqi zamanı təhlükəsizlik tələbləri, bu texnologiyaların yaratdığı yeni risklər və onların idarə olunması mexanizmləri müzakirə edilmiş, praktiki təcrübələr paylaşılmışdır.

Görüş zamanı beynəlxalq əməkdaşlığın kibertəhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı vurğulanmış, CERT qurumları arasında operativ informasiya mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraqlarını ifadə etmişlər.

Yekunda görüşün iki ölkənin kibertəhlükəsizlik qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın daha da artırılmasına töhfə verəcəyi vurğulanmışdır.

© 2011-2026 Bütün Hüquqlar Qorunur