Axtarış...

Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçirildi

 

19 Mart 2013-cü il tarixində, "Delta Telecom"un sponsorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə "Hackathon Azerbaijan" layihəsi çərçivəsində, Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda həyata keçirilən müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Tural Məmmədov müsabiqənin keçirilmə zəruriyyəti, mövzunun aktuallığı və veb təhlükəsizlik məsələsinin Azərbaycanın İKT sahəsi üçün kəsb etdiyi əhəmiyyətdən söhbət açıb.

Daha sonra çıxış edən veb təhlükəsizlik üzrə ekspert Arif Şəmistanlı bu sahə ilə bağlı iş təcrübəsindən, fəaliyyət mexanizmlərindən danışıb.

Sonda "Hackathon Azerbaijan" layihəsinin rəhbəri Rəşad Əliyev veb təhlükəsizlik mövzusunu əhatə edən müsabiqənin Azərbaycanda ilk dəfə reallaşdırdığını xüsusi vurğulayaraq, layihənin gedişatı, statistik göstəriciləri və nəaliyyətləri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. R.Əliyev qeyd edib ki, 6-17 mart tarixlərini əhatə edən müsabiqə böyük maraq doğurub və 200-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Layihə rəhbəri, həmçinin, bildirib ki, müsabiqədə aktiv iştirak edənlərə "Microsoft" şirkəti tərəfindən pulsuz "dreamspark" hesabları təqdim olunacaq.

Tədbirin sonunda iştirakçılara sertifikatlar, əsas qalib və müsabiqədə aktivliyi ilə seçilən şəxslərə isə pul mükafatları təqdim olunub. Müsabiqənin qalibi 18 yaşlı Səxavət İsmayılov olub.

Məlumat üçün qeyd edək ki, veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

      

© 2011-2024 Bütün Hüquqlar Qorunur