Axtarış...

Dövlət qurumlarının kibertəhlükəsizlik və ayıqlıq indeksini ölçən mexanizm istifadəyə verildi.

   Dövlət qurumlarının informasiya ehtiyatlarının, o cümlədən informasiya təhlükəsizliyi insidentlərinin operativ idarəedilməsi məqsədi ilə tərəfimizdən yaradılan Resurs İdarəetmə Sisteminə dövlət qurumlarının kibertəhlükəsizlik və insidentlərə reaksiya indeksi hesablayan yeni alqoritm inteqrasiya edilmişdir.

Kibertəhlükəsizlik üzrə indeksi hesablayan alqoritm, dövlət qurumunda baş verən yoluxma, kənar müdaxilə, İP-lərin botnetə qoşulması, audit və boşluqların analizi nəticələrini ümumiləşdirərək qiymətləndirir və əldə etdiyi dəyəri həmin dövlət qurumunun informasiya resurslarının həcminə mütanasib olaraq indeksə çevirir. Dövlət qurumunlarının reaksiya (ayıqlıq) indeksində isə qurumlar üzrə cavabdeh şəxslərin insidentlərə hansı müddətdə cavab verməsi hesablanaraq, həmin şəxslərin fəaliyyətinin effektivliyi qiymətləndirilir. Qurumların indekslər üzrə qiymətləri rüblük və ya illik əsasda toplanaraq dövlət qurumlarının həm reaksiya, həm də kibertəhlükəsizlik səviyyəsi üzrə müqayisəli reytinqi İnformasiya Təhlükəsizliyi jurnalında çap ediləcəkdir.

Sistemə inteqrasiya edilmiş yeni alqoritm eyni zamanda öz əməkdaşlarımızın da reaksiya indeksini ölçür. Bu isə bizə əməkdaşlarımızın qurumlardan gələn sorğulara operativ rekasiyasını ölçməyə, operativliyin, eləcə də iş keyfiyyətinin yüksəldilməsi üçün meyar kimi istifadə olunmasına imkan verəcəkdir.

  Həmçinin qeyd etmək lazımdır ki, sistemin tez-tez soruşulan suallar qismi ilə inteqrasiya olunmuş İnformasiya Təhlükəsizliyi üzrə Elektron Kitabxananın da interfeysi yenilənmiş və istifadə üçün sadələşdirilmişdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur