Axtarış...

98 min ziyanverici Android tətbiqi 43 mln. smartfona daxil olub.

98 min ziyanverici Android tətbiqi 43 mln. smartfona daxil olub.

  Mobil cihazların təhlükəsizliyində ixtisaslaşmış Upstream şirkətinin mütəxəssislərinin verdiyi məlumata görə Android üçün 98 min ziyanverici tətbiq aşkarlanıb. Ekspertlər qeyd edir ki, ümumilikdə bu proqramlar 43 mln. Android qurğusuna daxil olub. Upstream tərəfindən toplanan məlumatlar 20 müxtəlif ölkəni əhatə edən 31 rabitə operatorundan əldə olunub. Android üçün təhlükələri araşdıran tədqiqatçılardan biri Dimitris Maniatisin sözlərinə görə 98 min ziyanverici tətbiqdən 5 ən təhlükəlisi 700 mln. dəfə yüklənilib. Aşkar olunan ziyanverici tətbiqlərin təxminən 50%-i Google Play Store rəsmi mağazasında yerləşir. Ekspertlərin sözlərinə görə bu göstəricilər həqiqətən qorxudur.

  Upstream hesabatında cinayətkarların ilk öncə istifadəçiləri istənilən üsullarla ziyanverici tətbiqi quraşdırmağa vadar etməyə çalışdıqları deyilir. Daha sonra isə qurban özü ziyanverici tətbiqə sistemdə iş üçün lazım olandan daha çox icazələr verir. Bundan sonra ziyanverici tətbiq öz operatorları ilə əlaqə saxlayaraq təlimat və göstərişləri almaq üçün gözləyir. Bütün ziyanverici tətbiqlər şübhə yaratmamağa və hər üsulla qurğudan silinməsinin qarşısını almağa çalışır. Belə proqramların əsas məqsədi – bezdirici reklam elanlarının və clickfraud (kliklərin və linklərə keçidlərin süni yolla artırılması) nümayişidir. Upstream verdiyi məlumatlara görə 2019-cu ildə mobil telefonla aparılan əməliyyatların 93%-i dələduzluq şübhəsi ilə blok olunub. Onlar aşkar olunmasaydı, ziyan 2 milyard dollara  çata bilərdi.

  Ziyanverici Android tətbiqlərinin sayı artmaqdadır. Keçən il Upstream 63,000, bu il isə 98 000 ziyanverici tətbiq qeydə alıb. Tədqiqatçılar ziyanverici tətbiqlərin daha çox rast gəlinən növlərini göstərən infoqrafika dərc edib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur