Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) nümayəndə heyəti Qazaxstanın Almatı şəhərində Orta Asiyanın ən böyük kibertəhlükəsizlik konfranslarından biri olan “KazHackStan 2025” iştirak etmişdir. “KazHackStan” konfransı hər il Mərkəzi Asiya regionunun kibertəhlükəsizlik mütəxəssislərini, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirir. Proqram çərçivəsində “Government & Business Day”, “Secure Development Day” və “Hack Day” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar və panel müzakirələri təşkil olunmuşdur.
XRİTDX-nin nümayəndə heyəti tədbirin əsas hissələrindən biri olan “CyberKumbez” yarışmasında iştirak etmişdir. Yarışma real infrastruktur ssenarilərinə əsaslanan və "ağıllı şəhər" (“Smart City”) mühitinin simulyasiya olunduğu platformada hücum–müdafiə (“Red Team vs Blue Team”) formatında keçirilmişdir. Yarışmada “Blue Team” komandaları “Red Team” tərəfindən həyata keçirilən hücumları qeydə alır, onların gedişatını izləyir və nəticələri sənədləşdirirdilər. 25 Red Team komandasına qarşı çıxış edən “Blue Team”-lər arasında “AzCyberDefense” komandası 3-cü yerə layiq görülmüşdür. Azərbaycanın “AzCyberDefense” komandasının ilk dəfə qatıldığı bu beynəlxalq sınaqda üçüncü yeri tutması ölkənin kibertəhlükəsizlik potensialının artdığını və gənc mütəxəssislərin yüksək peşəkarlığını nümayiş etdirmişdir.
© 2011-2026 Bütün Hüquqlar Qorunur