8-11 aprel tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti iştirak edib. Tədbir Rumıniya hökuməti, Deputatlar Palatası və “ICI Buxarest” tərəfindən təşkil olunub.
Sammitdə rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və kiberdiplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Açılış mərasimində çıxış edən XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov rəqəmsal innovasiyaların yaratdığı imkanlar və kiberrisklər, eləcə də beynəlxalq tərəfdaşlığın və strateji yanaşmaların əhəmiyyətindən bəhs edib. O, həmçinin XRİTDX ilə “ICI Buxarest” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanda keçirilmiş beynəlxalq kiberdiplomatiya konfransı və təşkil olunmuş təlimlər barədə məlumat verib.
Sammit çərçivəsində XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov enerji infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı panel müzakirədə çıxış edərək, rəqəmsallaşmanın yaratdığı çağırışlara və kiberdiplomatiyanın bu sahədə roluna diqqət çəkib. O qeyd edib ki, kiberdiplomatiya rəqəmsallaşan sistemlərdə texnoloji asılılıq, təchizat zənciri riskləri, kiberhücumlar və bu kimi digər təhdidlərin aradan qaldırılmasında, sabitliyin təmin edilməsində mediator kimi mühüm rol oynaya bilər.
© 2011-2025 Bütün Hüquqlar Qorunur