Axtarış...

XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

Cari ilin 28-29 oktyabr tarixlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində təşkil olunmuş "Kibertəhlükəsizlik həftəsi – 2024" çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 16-cı illik konfransında iştirak edib.

12-ci Regional Kibertəhlükəsizlik Sammiti və FIRST simpoziumu ilə paralel keçirilən konfrans Omanın Milli CERT-i tərəfindən təmsil olunan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarəçiliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqının Ərəb Regional Kibertəhlükəsizlik Mərkəzi (ITU-ARCC) tərəfindən təşkil olunub. “Kibertəhlükəsizlik – rəqəmsal iqtisadiyyatın hərəkətverici amili kimi” mövzusu altında keçirilən tədbir OIC-CERT üzvləri və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlar arasında beynəlxalq əməkdaşlıq yolu ilə qlobal kibertəhlükəsizliyin təşviqi və məlumatlılığın artırılmasına həsr olunub.

60 ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyi tədbir həmçinin kiberməkanda dayanıqlılığı qorumaq üçün kibertəhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi, insidentlərin idarə edilməsində texniki və inzibati imkanların təkmilləşdirilməsi yolu ilə səmərəliliyin artırılması məqsədini daşıyıb.

XRİTDX-nin nümayəndəsi Murad Balayev konfransda “Kibertəhlükəsizlik sahəsində meydana çıxan yeni texnologiyalar” mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib. O, Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən, xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində XRİTDX tərəfindən bu sahədə görülən işlərdən, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətindən, həmçinin süni intellekt əsaslı həllərin kibertəhlükəsizliklə yanaşı kiberhücum aləti olaraq da tətbiq edilməsinə dair real nümunələr və təcrübələrdən bəhs edib.

Tədbirdə OIC-CERT tərəfindən “Qlobal Kibertəhlükəsizlik Mükafatı – 2024”-ün qalibi elan olunub. “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında təqdim edilən mükafatın qalibi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Cyber Summer School” yay düşərgəsi layihəsi olub.

© 2011-2024 Bütün Hüquqlar Qorunur