Axtarış...

Edvard Snouden istifadəçiləri ExpressVPN xidmətindən istifadə etməməyə çağırıb.

Edvard Snouden istifadəçiləri ExpressVPN xidmətindən istifadə etməməyə çağırıb.

 ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden  ExpressVPN xidmətinin istifadəçilərinə xəbərdarlıq edib. Belə ki, o, bu xidmətdən istifadədən imtina etməyi tövsiyə edib. Bunun üçün ciddi səbəblər var. Snoudenin bu xidmət barəsində hansısa ciddi məlumatlara sahib olub-olmadığı məlum deyil. O sadəcə olaraq öz Twitter hesabında paylaşmışdır: “Əgər siz, ExpressVPN xidmətindən istifadə edirsinizsə, tez zamanda bu xidmətdən imtina etməlisiniz”. Snoudenin bu tvitinə xüsusi paylaşım əlavə edilib. Həmin paylaşımda qeyd edilib ki, ExpressVPN xidmətinin informasiya xidmətinin rəhbəri olan Daniel Gericke vaxtı ikən Project Raven adlı layihədə iştirak edib.

 Bu layihə çərçivəsində isə Birləşmiş Ərəb Əmirliklərinin xüsusi dövlət orqanları üçün casusluq fəaliyyəti icra edən proqram təminatları yaradılıb. Daniel Gericke ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən müxtəlif casusluq əməliyyatlarında günahlandırılan və məsuliyyətə cəlb edilmiş 3 keçmiş əməkdaşdan biridir. Həmin şəxslər bir vaxtlar ABŞ-ın müxtəlif kəşfiyyat xidmətlərində çalışıblar. Nəticədə bu 3 şəxs istintaqa yardım etməyə razı olub və ümumilikdə 1 milyon dollardan bir qədər çox cərimə ödəyiblər. Güman olunur ki, 3 nəfərdən ibarət bu komanda Birləşmiş Ərəb Əmirlikləri üçün haker qismində çalışıb.

 Onlar istifadəçilərin (Birləşmiş Ərəb Əmirlikləri rejiminin sərt tənqidçiləri) xəbərləri olmadan onların cihazlarından lazımi məlumatları yığmağa imkan verən proqram təminatlarının yaradılmasında yardımçı olublar. Daniel Gericke 2019-cu ildə ExpressVPN-də işə başlamışdır. Lakin şirkət onun keçmişindən xəbərdar idi. Buna baxmayaraq şirkət öz əməkdaşını qorumaq qərarına gəlib və bildirib ki, Gericke-nin işi terrorçuluq ilə mübarizəni əhatə edirdi və ExpressVPN xidməti Project Raven layihəsində ümumiyyətlə iştirak etməyib. 

© 2011-2024 Bütün Hüquqlar Qorunur