Axtarış...

“Bakutel 2013” – Azərbaycanda “İKT İli”nin ən mühüm ekspozisiyası!

“Bakutel 2013” – Azərbaycanda “İKT İli”nin ən mühüm ekspozisiyası!

 Bu günlərdə Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun telekommunikasiyalar və informasiya texnologiyaları sahəsində ən böyük tədbiri olan və 27 ölkədən 300 şirkəti bir araya gətirən “Bakutel 2013” sərgisi öz işinə başladı.Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və bu hadisə “Bakutel 2013” sərgisinin bütün ekspozisiyasında öz əksini tapmışdır. “Bakutel 2013” sərgisi ilə eyni vaxtda zəngin işgüzar proqramın, müxtəlif tədbirlərin və sərgi ziyarətçiləri üçün bir çox əyləncələrin həyata keçirilməsi planlaşdırılır. Rəngarəng şəkildə tərtib edilmiş stendlərdə ən yaxşı nailiyyətlər parlaq və maraqlı şəkildə nümayiş etdirilir. Tədbirin təşkilatçıları qismində “ITE Group plc” və “Iteca Caspian” şirkətləri çıxış edirlər.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ziyarət etdi və həm yerli, həm də aparıcı xarici şirkətlərin stendləri ilə tanış oldu. Ölkə başçısı həmçinin Dünya Azərbaycanlılarının I Virtual Konfransında da iştirak etdi.

Respublikada ən yeni texnologiyalar uğurla tətbiq olunur, hər il İKT sahəsinə yatırılan sərmayələr artır və bu, respublikanın ictimai həyatına hiss olunan dərəcədə təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “BakuTel 2013” sərgisinin iştirakçılarına təbrik məktubunda bu barədə deyilir: “Hər il Azərbaycanda həyata keçirilən beynəlxalq “BakuTel” sərgi və konfransı müxtəlif ölkələrdən təşkilatları, alimləri və mütəxəssisləri bir araya gətirərək ideya mübadiləsi, işgüzar münasibətlərin genişləndirilməsi, habelə qabaqcıl texnoloji nailiyyətlər və yeni məhsullarla tanışlıq üçün əlverişli şərait yaradır.

Ölkədə elan edilmiş “İKT İli” çərçivəsində bu sərgi və konfransın keçirilməsi, kibertəhlükəsizlik üzrə konfransın və digər mühüm tədbirlərin sərgi proqramına daxil edilməsi, eləcə də sərgidə aparıcı şirkətlərin geniş surətdə təmsil olunması bu tədbirin əhəmiyyətini daha da artırır”

Dövlət başçısı ümid etdiyini bildirdi ki, “BakuTel 2013” sərgisi əsnasında baş tutacaq təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə, beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin yaradılmasına və həyata keçirilməsinə böyük töhfə verəcək.

“Bakutel 2013” sərgisində işində iştirak etmək üçün Əfqanıstan, ABŞ, Macarıstan, İtaliya, İsrail və digər ölkələrdən nümayəndə heyətləri Bakıya gəlmişlər. Sərginin fəxri qonaqları arasında BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamentinin (UNDESA) Baş katib müavini cənab Vu Honqbo, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi cənab Hamadun Ture, Rusiya Federasiyası Kommunikasiya və KİV naziri Nikolay Nikiforov, Macarıstanın milli inkişaf naziri xanım Jujanna Nemet, Türkiyənin ICTA təşkilatının İdarə heyətinin üzvü cənab Qalip Zerey və digər yüksək vəzifəli qonaqlar var. Onların hamısı Azərbaycanın uğurlu iqtisadi inkişafını, yüksək texnologiyalar əsrinin müasir nailiyyətlərini və sərginin telekommunikasiya sahəsinin mütəxəssis və alimlərinin görüşləri və məhsuldar işi üçün biznes meydançası kimi səmərəli rolunu qeyd edirlər.

İKT sahəsində Azərbaycanın bilavasitə iştirak etdiyi bir çox beynəlxalq və yerli layihələr hazırkı sərgidə nümayiş etdirilir. Burada İKT inkişafının bütün sektorları, o cümlədən telekommunikasiya və şəbəkələr, geniş zolaqlı, peyk və simsiz rabitə və texnologiyaları, teleradio yayım avadanlığı və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, habelə İT və ofis texnologiyaları mütəxəssislərin diqqətinə təqdim olunur.

Bayram əhval-ruhiyyəli “Bakutel” sərgisi bu sahənin əsas və ən özünəməxsus sərgisi statusunu təsdiq etdi və həm iştirakçı şirkətlər, həm də təşkilatçılar tərəfindən təqdim olunan, möhtəşəm dəb nümayişindən tutmuş lazer şüaları, X bokslar və s. bu kimi oyunlarda iştiraka qədər çoxsaylı sürprizlərlə ziyarətçiləri sevindirdi. Sərgidə ziyarətçiləri ilk dəfə öz şou proqramı ilə Azərbaycana gəlmiş Titan robotu salamlayır.

Bir çox illər ərzində “Bakutel” sərgisinə əvəzsiz dəstək göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərginin sürətli inkişafında xüsusi rol oynamışdır. “Bakutel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyini (RRB) təmsil edən nümayəndələrin dəstəyi və rəsmi səfərləri, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) bu sərgiyə verdiyi keyfiyyət nişan ilə təsdiqlənir.

“Bakutel 2013” sərgisinin baş sponsoru informasiya texnologiyaları sahəsində ən iri amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur