Kibertəhlükəsizlik şirkəti NebuSec tədqiqatçıları Telegram-ın Android tətbiqinə yeni əlavə etdiyi müdafiə filtrini aşaraq istifadəçi cihazında uzaqdan kod icrasına (RCE) imkan verən iki fərqli exploit üsulu nümayiş etdiriblər.
Telegram çat daxilində botların göndərdiyi interaktiv vidcetlərin JavaScript kodunu icra edən QuickJS mühərrikini ayrıca prosesə köçürərək ona sistem çağırışlarını məhdudlaşdıran seccomp filtri tətbiq edib (Android 13.2.2 / 7303 versiyası). Lakin tədqiqatçıların təhlilinə görə, mənbə kodunda ioctl kimi bəzi vacib sistem çağırışları açıq saxlanılıb və filtr hazırda yalnız qeydiyyat aparan "audit" rejimində işləyir.
Hücumçular bu müdafiəni iki yolla aşa bilirlər:
1. Filtrin nəzarət etmədiyi birbaşa vidcet boşluğundan istifadə etməklə.
2. Filtrin əhatə etdiyi vidcet zəifliyini əməliyyat sisteminin nüvə (kernel) boşluğu ilə zəncirləməklə.
QuickJS mühərrikindəki yaddaş idarəetməsi xətaları (use-after-free və ya out-of-bounds write) zərərli skriptə prosesin yaddaşına müdaxilə etmək və təcrid olunmuş mühit (sandbox) qaydalarını ləğv etmək imkanı verir. Bütün bot vidcetlərinin eyni proses yaddaşını paylaşması isə ələ keçirilmiş bir vidcetin digərlərinə də təsir etməsi riskini yaradır. Nümayiş zamanı zərərli vidcet filtri aşaraq Android cihazında kənar tətbiqi (kalkulyatoru) birbaşa işə sala bilib.
Telegram rəhbəri Pavel Durov istifadəçinin yalnız mesaj almaqla hədəfə düşməyəcəyini və ümumi botlar üçün vidcet funksiyasının müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb. Bununla yanaşı, Kaspersky bəzi Telegram kanallarına daxil olarkən vidcet zəifliyindən istifadə edilərək gizli PowerShell skriptinin işə düşdüyünü və kriptopulqabı məlumatlarını oğurlayan WebRAT (Salat Stealer) zərərli proqramının yayıldığını qeydə alıb.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi qurumların istifadəçilərinə rəsmi təhlükəsizlik yenilənməsi yayımlanana qədər naməlum mənbələrdən və kanallardan gələn interaktiv bot vidcetlərini işə salmamağı və Telegram tətbiqini daim son versiyaya yeniləməyi tövsiyə edir.
© 2011-2026 Bütün Hüquqlar Qorunur