Axtarış...

İri haker hücumu internetin sürətini aşağı salıb

İri haker hücumu internetin sürətini aşağı salıb

Hakerlərin hücumu nəticəsində internetdə məlumatların ötürülməsi sürəti kəskin şəkildə azalıb. Ekspertlər bunu qlobal şəbəkənin tarixində baş verən ən böyük haker hücumu adlandırırlar, BBC yazır.

 Hücum üçün hədəf kimi ofisləri London və Cenevrə şəhərlərində yerləşən və spamların göndərilməsinin qarşısının alınması ilə məşğul olan Spamhaus şirkəti seçilib. Spamhaus məlumat bazasına spamın göndərilməsi üçün istifadə olunan serverləri daxil edir. Şirkət həmçinin şübhəli serverlərdən gələn məlumatların qarşısını alan bir neçə serverin işini dəstəkləyir.

 Martın 27-də Spamhaus serverlərinin tarixdə ən iri DDoS hücuma məruz qalması məlum olub. Hücum martın ortalarında başlayıb və çox güman ki, indiyədək davam edir. DDoS hücumların gücü saniyədə 300 giqabit təşkil edir. Qeyd edək ki, bu halda saniyədə 50 giqabatlik sürət nəhəng maliyyə təşkilatının infrastrukturunu sıradan çıxarmağa kifayət edir, Lenta yazır.

 Mütəxəssislərin fikrincə, Spamhaus-un spamların qarşısını alan serverlərinin sıradan çıxarılması şəbəkədəki digər saytlara DDoS hücumların həyata keçirilməsi üçün müəyyən boşluqlar yaradıb və bunun nəticəsi olaraq dünya üzrə milyonlarla kompüter və server təhlükə ilə üzləşmək məcburiyyətində qalıb.

 İnsidentin araşdırılması ilə 5 müxtəlif ölkənin mütəxəssisləri məşğul olur.

 Spamhaus nümayəndələri hücumun təşkilində Niderlandın Cyberbunker şirkətini təqsirli bilir. Bir neçə müddət əvvəl Spamhaus Cyberbunker-dən spamın yayılması ilə məşğul olan hakerlərə hostinq verməkdə şübhələnərək şirkətin serverlərini bağlamışdı. Öz növbəsində Cyberbunker nümayəndələri Spamhaus-u səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.

 Spamhaus mütəxəssisləri bildirilər ki, DDoS hücumları Cyberbunker-in sifarişi əsasında Rusiya və bir sıra Şərqi Avropa ölkələrinin hakerləri təşkil ediblər.

Xəbər götürüldü: mincom.gov.az

© 2011-2024 Bütün Hüquqlar Qorunur