XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək

6 Mart 2013

              

İnformasiya texnologiyalarının sürətli inkişafı veb-təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq, Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək. "Hackathon" layihəsi şərçivəsində "Delta Telecom"un sponsorluğu, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (www. cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 mart tarixlərini əhatə edəcək.

Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi qeydiyyat prosesini 6 mart tarixindən başlayaraq, yarışma boyunca (17 mart tarixinə qədər) davam etdirəcək. Qeydiyyat şərtləri olduqca sadədir. Bunun üçün sadəcə rəsmi səhifədə ( www.websecurity.hackathonazerbaijan.org ) qeydiyyat formasını doldurmaq tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və onların qəbul edilməsi də şərtlər sırasındadır. Müsabiqənin əsas mərhələsinin başlandığı 15 mart tarixindən isə gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar. 17 mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub. Ümumi qaydalara gəldikdə isə təşkilat komitəsi tərəfindən yarışma bir sayt hazırlanacaq. Üç gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı qalib hesab olunacaq və pul mükafatını əldə edəcək. Birinci gün Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur.

Qalib gələn şəxsə 3000 manat təqdim olunacaq. İkinci gün sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluğu tapan şəxs qalib hesab olunacaq və 2000 manatla mükafatlandırılacaq. Üçüncü gün isə texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunacaq. Qalib şəxsə 1000 AZN təqdim ediləcək. Təşkilat Komitəsindən qeyd edilib ki, veb-təhlükəsizlik, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.