Axtarış...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilmişdir

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilmişdir

 

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" 29 mart 2018-ci il tarixli 3851 nömrəli Sərəncam imzalamışdır. Yeni yaradılan Komissiya Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edəcəkdir.

 

        15 may 2018-ci il tarixində Komissiyanın ilk iclası keçirilmişdir. İclasda Komissiyanın sədri Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev Komissiyanın və Katibliyin üzvlərini elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılmışdır. Çıxış edənlər Komissiyanın vaxtında yaradılmasını, infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsi, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılması istiqamətində mühüm əhəmiyyətini qeyd etmişlər.

 

       Bundan başqa, Komissiya üzvləri aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialın gücləndirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində də müzakirələr aparmışdır.

 

        İclasın sonunda müvafiq sahələr üzrə işçi qrupların yaradılması, təqdim edilən "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə" layihəsinə rəy və təkliflərin bildirilməsi, "İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya" (2019-2024-cü illər) layihəsi üzrə hazırlıq işlərinin aparılması haqqında qərar qəbul edilmişdir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur