XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

17 May 2013

Mayın 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə konfransın məqsəd və əhəmiyyətindən söz açıb: “Bu gün Azərbaycanda İKT sahəsində əldə olunmuş uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin bu sahəyə olan diqqəti və müdrik siyasətinin nəticəsində əldə olunub. Bu il 90 illiyini qeyd etdiyimiz ümummilli liderin bu sahənin inkişafında böyük təşəbbüsləri əvəzedilməzdir”.

2013-cü ilin prezident İlham Əliyev tərəfindən “İKT İli” elan olunması ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələrin uğurla reallaşdırılması məqsədilə görüləcək önəmli tədbirlərdən də danışan A.Əlizadə İnformasiya Cəmiyyətinə inteqrasiyanın müsbət tərəfləri ilə yanaşı, gətirdiyi mənfi təzahürlərə də toxunub: “Müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığı get-gedə artır. Belə bir zamanda kibertəhlükəsizliyin təmin edilməsi strateji məsələyə çevrilib”.

İnformasiya resurslarının dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunmasının zəruriliyini ifadə edən AMEA prezidentinin sözlərinə görə, hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır:

“Təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək vacib məsələlərdəndir”.

Konfransın ənənəvi xarakter almasının zəruriliyini ifadə edən AMEA prezidenti informasiya təhlükəsizliyi problemlərinin araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran başlıca vəzifələrdən də bəhs edib. Tədbirin alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Elektron vətəndaş cəmiyyətinin formalaşmasında qarşıya qoyulmuş hədəflərə çatmaq üçün dövlət qurumları, hüquq-mühafizə orqanları, alimlər, biznes sektorlarının birgə çalışması zəruridir”.

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətindən söz açıb. Müasir dövrdə kibertəhlükəsizliyin qlobal problemə çevrildiyini və bu problemə qarşı beynəlxalq müstəvidə mübarizə tədbirlərinin gücləndirildiyini deyən nazir geniş miqyas alan təhlükələrlə bağlı əldə olunan statistikanı diqqətə çatdırıb:

“Kibertəhlükələrin, təhdidlərin artmasının başlıca səbəblərindən biri dünyada ümumilikdə bütün sahələr üzrə qlobal rəqəmləşmənin getməsi ilə bağlıdır. Eyni zamanda bu gün informasiya təhlükəsizliyinin ən böyük problemi onun sürətlə sərhədləri keçərək, beynəlmiləlləşməsidir. Son zamanlar Azərbaycanın resurslarına edilən kiberhücumların analizi də göstərir ki, bu, respublikanın daxilində çox cüzi əzmə malikdir, əsasən kibertəhlükələr xaricdən gəlir. 2010-cu ilin rəsmi məlumatına görə, dünya üzrə kibertəhlükəsizlikdən yaranan itkilərin həcmi təqribən 1 trilyon dollara yaxınlaşır ki, bu da təxminən narkobizneslə müqayisə edilə bilən bir səviyyədir. Eyni zamanda təxminən 550-600 milyon insan kibertəhlükələrin qurbanlarına çevrilir”.

Beynəlxalq səviyyədə kibertəhdidlərə qarşı mübarizə tədbirlərindən də danışan Ə.Abbasovun sözlərinə görə, burada əsasən 3 aspekt, o cümlədən informasiya azadlığı, şəxsi informasiyanın qorunması və informasiyanın təhlükəsizliyi həmişə bir-biri ilə rəqabətdə olduğundan beynəlxalq razılaşmalarda problemlər yaradır.

Ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini də vurğulayan nazir kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, RİTN nəzdində isə Elektron Təhlükəsizlik Mərkəzinin yaradıldığını qeyd edib.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil, professor Elmira Süleymanova "İnformasiya azadlığı insan haqlarının təmin olunmasında mühüm komponentdir" mövzusunda danışaraq texnoloji inkişafın insan haqları məsələlərinə yanaşmada da bir sıra yeniliklər gətirməsindən söz açdı.

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Departament rəisi E-hökumətin informasiya təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyət istiqamətləri mövzusuna toxunaraq informasiya təhlükəsizliyi sahəsində milli kriptoqrafiyanın yaradılması və istifadəsinin vacibliyindən o cümlədən ölkə başçısın bu sahəyə olan diqqət və qayğısından danışaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bu sahədəki fəaliyyət istiqamətlərindən söz açdı.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İnformasiya təhlükəsizliyinin elmi-nəzəri və texnoloji problemləri məsələlərinə toxunaraq konfransın mövzusunun aktuallığından və bu mövzuda İnformasiya Texnologiyası İnstitunun fəaliyyət istiqamətlərindən və əldə etdiyi uğurlarından söz açdı.

Daha sonra AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov da çıxış edərək İnformasiya Cəmiyyətinin qurulmasında aparılan islahatlardan, görülən işlərdən söz açıblar.

Qeyd edək ki, iki gün davam edəcək konfransın “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin texnoloji problemləri” üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinləniləcək. İclaslarda internetdə informasiya təhlükəsizliyinin təmini, milli kibertəhlükəsizlik strategiyalarının analizi, iqtisadi təhlükəsizliklə informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi, media-analitika və informasiya təhlükəsizliyi, e-dövlət mühitində dövlət sirrinin mühafizəsi problemləri, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri və s. məsələlər müzakirə ediləcək.

2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.